“Bir ölkənin prezidentinin bir müsahibədə aralarında böyük gərginlik olan iki dövlətin başçılarına açıq rəğbətini bildirməsi həddən artıq az rast gəlinən haldır. Söhbət İlham Əliyevin ABŞ və İran prezidentləri haqqında "Əl-Ərəbiyyə" kanalındakı açıqlamasından gedir. Özü də hər ikisinə yanaşmada sərgilənən simpatiya dəstək xarakterlidir”.
Bu barədə hafta.az-a açıqlamasında deputat Sahib Alıyev bildirib.
S.Alıyev fikrini onunla əlaqələndirib ki, Donald Tramp da, Məsud Pezeşkian da doğru bildikləri siyasəti yeridərkən böyük dirənişlə üzləşirlər. Deputatın sözlərinə görə, onlara dirəniş göstərənlər isə regionumuzda gedən proseslərə həmişə ədalətsiz və ermənipərəst mövqe bildiriblər.
S.Alıyev hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyev Trampla Pezeşkianı dəstəkləyərkən bu reallığı nəzərə alıb. Deputatın fikrincə, dirənişçi adlandırdıqlarımız isə ABŞ-da "dərin dövlət" deyilən sistem təmsilçiləri, İranda isə bizi Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəkləri ilə hədələyən Vilayəti kimi ünsürlərin bağlı olduğu çevrədir:
“ABŞ-da qara sistemə qulluq edən struktur və institutlar Azərbaycanla Ermənistan arasında sülhə yox, konfliktin qalması və onun idarə edilməsində maraqlı olublar. Bu bu baxımdan da onlar İran vilayətilərindən çox da fərqlənmirlər. Trampla Pezeşkian isə sülh gündəliyi ilə çıxş edir, Azərbaycanın yaratdığı geosiyasi reallıqla razılaşır və bizimlə hərtərəfli əməkdaşlığa can atırlar. ABŞ Prezidentinin bu yöndə səyləri artıq öz müsbət nəticəsini də göstərməkdədir”.
Deputat Azərbaycan Prezidentinin Tramp haqqında söylədiyi fikirlərə diqqət çəkib:
"Prezident dedi: "Həm də vurğulamaq istədiyim bir şey də var ki, xüsusilə də mənə təsir edən sui-qəsd cəhdi zamanı onun özünü necə aparması idi. Bunu oynamaq mümkün deyil. Heç bir nitq yazan, heç bir siyasi məsləhətçi bunu edə bilməz ki, adam belə reaksiya versin. O, cəsur insan və böyük liderdir. Mən həqiqətən də fəxr edirəm ki, o, mənə dostu kimi yanaşır".
Məsud Pezeşkiana gəldikdə, öz təbirincə desək, bu istedadlı adama cənab İlham Əliyevin rəğbətinin kökündə açıqladığı bax bu fakt durur: "O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq". Düşünürəm ki, inşallah, bu eyniliklər artar”.